Rusiyada xarici vətəndaşların işləmək icazəsinin alınması üçün şərtlər açıqlanıb

Bakı. 19 avqust. REPORT.AZ/ Əmək miqrantları üçün rus dili, tarix və hüquq üzrə testlərin tərtibatçıları Rusiyada işləmək icazəsinin alınması üçün xaricilərə tələb olunan bilik həcmini müəyyən ediblər. Report-un İzvestiya-ya istinadən verdiyi xəbərə görə, imtahanların müvəffəqiyyətlə verilməsindən ötrü əmək miqrantlarının hər testin suallarının 30%-inə cavab vermələri kifayətdir.

Rusiya Xalqlar Dostluğu Universitetinin testlərin təşkili üzrə şöbə rəisi Yelena Şamilovanın sözlərinə görə, imtahan modulları 20 tapşırıqdan ibarət olacaq, yəni miqrant səhvsiz cəmi altı suala (hər fənn üzrə) cavab versə, kifayətdir. 

Sertifikatları əmək miqrantlarına 30% suala, müvəqqəti yaşamaq istəyənlərə 50% və vətəndaşlıq almaq istəyənlərə 75% suala düzgün cavab verdikləri halda əldə etmək mümkün olacaq.

İmtahan təsisçilərinin müvafiq tövsiyələri Təhsil Nazirliyində müzakirə olunur.

Kompleks imtahanlarını miqrantlar artıq sentyabr ayının 1-dən verə biləcəklər. Kompleks testlərin qiymətinin 4,5 mindən 5 min rubla qədər təşkil etməsi gözlənilir. Lazım gəldikdə xarici vətəndaşlar məhdudiyyətsiz olaraq testlərdən keçə bilərlər. 

Digər xəbərlər