Azərbaycanın "Space" televiziya kanalı Türkiyədə baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılması istiqamətində aparılan işlərlə bağlı qardaş ölkəyə ezam olunmuş yerli media qurumlarının əməkdaşlarının fəaliyyəti haqqında reportaj hazırlayıb.
"Report"un xəbərinə görə, reportajda "Report" İnformasiya Agentliyinin Türkiyəyə ezam olunan əməkdaşı İsmayıl Nəsibli ilə yanaşı, AzTV, İTV, Real TV və digər media qurumlarının müxbirlərinin də fəaliyyətindən bəhs olunub.
Süjetdə bildirilib ki, "Report" İnformasiya Agentliyinin Türkiyəyə ezam olunmuş əməkdaşı İsmayıl Nəsibli zəlzələ zamanı daha çox dağıntıların meydana gəldiyi Kahramanmaraş bölgəsindən 5-ci gündür hər dəqiqə yenilənən xəbərləri operativ çatdırır. AzTV, İTV, Real TV və bir sıra xəbər saytlarının əməkdaşları isə Türkiyənin zəlzələ baş verən digər ərazilərindən təkcə axtarış-xilasetmə əməliyyatlarını deyil, həm də təbii fəlakətdən sonra insanların hansı çətinliklərlə üz-üzə qalmasından, o cümlədən də Türkiyəyə Azərbaycan və dünya müxtəlif ölkələrinin göstərdiyi hümanitar yardım xəbərlərini operativ çatdırırlar.
Ətraflı videoreportajdan izləyə bilərsiniz.
Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin əməkdaşı İsmayıl Nəsibli fevralın 6-dan Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə ezam olunub.