KİV: ABŞ və İran arasında məsləhətləşmələrin ikinci raundu aprelin 19-da Romada keçiriləcək

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələrin növbəti raundunun aprelin 19-da Romada keçirilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən bildirib.

"Üç mənbə mənə bildirib ki, ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların ikinci raundu şənbə günü Romada keçiriləcək", - o, “X” sosial şəbəkəsində yazıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın komandasında İrana yanaşma ilə bağlı fikir ayrılıqları yaranıb. Administrasiyanın bəzi nümayəndələri, o cümlədən vitse-prezident Cey Di Vens, Trampın xüsusi elçisi Stiven Uitkoff və Pentaqon rəhbəri Pit Heqset hesab edirlər ki, sövdələşmənin bağlanması üçün xüsusilə Vaşinqton tərəfindən mümkün güzəştləri nəzərdə tutan "diplomatik həll" lazımdır.

ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uoltsun təmsil olunduğu digər düşərgədə Tehranın Vaşinqtonla sövdələşmə nəticəsində nüvə proqramını dayandırması ehtimalına son dərəcə şübhə ilə yanaşırlar. Onlar əmindirlər ki, Tehran indi "hər zaman olduğundan daha zəifdir", buna görə də ABŞ onun nüvə proqramından imtina etməsində israr etməli, əks halda ya özü İrana zərbə endirməli, ya da İsrailin hücumunu dəstəkləməlidir.

Xəbər lenti