Bu gündən Gürcüstanda onlayn kazinoları tənzimləyən qaydaların sərtləşdirilməsi ilə bağlı qanun qüvvəyə minib.
“Report”un yerli bürosu xəbər verir ki, qanunla, təxminən, bir milyon vətəndaşın qumar oyunlarına əlçatanlığı məhdudlaşdırılıb.
Yeni qaydalara əsasən, yaşı 25-dən az olan vətəndaşlara, dövlət qulluqçularına, sosial müavinət alanlara, məhkəmə qərarı və ya ailənin tələbi əsasında “qara siyahı”ya daxil edilmiş şəxslərə kazino oyunları qadağan olunub.
Bununla yanaşı, oyun biznesinin televiziya və çöl reklamı, gürcü saytlarında reklamı da qadağan edilib. Reklama yalnız sponsor müqaviləsi əsasında idman tədbirlərinin keçirildiyi məkanlar və hava limanlarında icazə veriləcək.