Gürcüstanda bir sıra məhdudiyyətlər yumşaldılıb

Gürcüstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər bu gündən etibarən yumşaldılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstan hökuməti qəbul edib.

Qərara əsasən, qapalı məkanlarda fəaliyyət göstərən kafe və restoranlarda bir masa arxasında 6 nəfərin əvəzinə 10 nəfər, açıq məkanlarda isə 10 nəfərin əvəzinə 15 nəfər əyləşə biləcək. Qonaqların maksimal sayı ilə bağlı norma da ləğv edilib.

Bununla yanaşı, toy, doğum günləri, yas və digər bu kimi kütləvi mərasimlərin keçirilməsinə də icazə verilib.

Ticarət mərkəzlərində və insanların kütləvi toplaşdığı digər ictimai yerlərdə ziyarətçilərin termoskrininqdən keçirilməsi, müvafiq jurnalın tutulması və dezobaryerlərin quraşdırılması öhdəliyi ləğv olunub.

Mehmanxanalarda qonaqlara “İsveç masası” şəklində xidmətə də icazə verilib.

Bundan başqa, qonşu ölkədə martın 4-dən etibarən gecə klubları açılacaq və əyləncə məkanlarının doluluq göstəricisi 60 %-lə məhdudlaşdırılacaq. Martın 15-dən isə konfrans və treninqlərin məhdudiyyətlərsiz keçirilməsi mümkün olacaq.

Digər xəbərlər