Gürcüstan parlamenti onlayn qumarla bağlı qaydaların sərtləşdirilməsini dəstəkləyib

Gürcüstan parlamenti onlayn kazinoları tənzimləyən qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, sənədi 82 deputat dəstəkləyib, 1-i isə lehinə səs verib.

Qanuna əsasən, gələn ilin yanvarın 1-dən etibarən oyun biznesi sektorunda fəaliyyət göstərən şirkətlər üçün vergi 65-70 % artırılacaq.

Martın 1-dən etibarən isə yaşı 25-dən az olan şəxslərə qumar oyunlarında iştirak qadağan ediləcək. Qadağa dövlət qulluqçuları, sosial müavinətlər alan, məhkəmə qərarı və ya ailənin tələbi əsasında “qara siyahı”ya salınmış şəxslərə də şamil olunacaq. Azart oyunlarına əlçatanlıq ümumilikdə yetkinlik yaşında olan 1 milyon nəfər vətəndaş üçün məhdudlaşdırılacaq.

Martın 1-dən həmçinin qumar oyunlarının televiziya və çöl reklamları, həmçinin Gürcüstanın internet saytlarında bu mövzuda reklam yerləşdirilməsinə qadağa tətbiq olunacaq.

Qeyd edək ki, qonşu ölkədə növbəti mərhələlərdə onlayn kazinoların tam qadağan edilməsi planlaşdırılır.

Digər xəbərlər