Bütün Türkiyə 24 il sonra yığma komandanın yenidən futbol üzrə Dünya Çempionatında iştirakını həyəcanla və səbirsizliklə gözləyir.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DÇ-2026-da Avstraliya ilə Bakı vaxtı ilə 08:00-da qarşılacaq Türkiyə millisinə uğurlar arzulayarkən deyib.
"86 milyon vətəndaşın hər biri eyni amalla birləşib", - Ərdoğan yığma komandaya qələbə üçün dəstəyi nəzərdə tutub.
Ərdoğan 2002-ci ildə keçirilən dünya çempionatında Türkiyənin üçüncü yeri tutmasını da xatırladıb: "İndi isə yeni bir dastan yazmağın zamanıdır".
Xatırladaq ki, Türkiyə milli futbol komandası 2002-ci il Dünya Çempionatında (DÇ-2002) tarixinin ən böyük uğuruna imza ataraq turniri bürünc medalla (3-cü yer) başa vurub. Şenol Günəşin rəhbərlik etdiyi "Ay-ulduzlular" yarımfinala qədər irəliləyib və turnirin ev sahiblərindən olan Cənubi Koreyanı məğlub edərək dünya üçüncüsü olub.
Hazırda isə bu uğuru təkrarlamaq üçün Türkiyə ABŞ, Avstraliya və Paraqvayla bölüşdüyü D qrupundan pley-off mərhələsinə adlamalıdır. İlk oyundan sonra Paraqvay üzərində 4:1 hesabı ilə qələbə qazanan ABŞ qrup lideridir.