İoane Şaişmelaşvili: BBC Azərbaycan haqqında qeyri-dəqiq məlumatlar yayımlayır

BBC Azərbaycan haqqında qeyri-dəqiq məlumatlar yayır.

"Report"un məlumatına görə, bu barədə "Eurocracy - Former Europe" proqramının aparıcısı İoane Şaişmelaşvili bildirib.

"Təəssüf ki, informasiya kampaniyaları tez-tez təhrif edilmiş formada təqdim edilir və biz bunu Azərbaycanda da müşahidə edirik. Burada da çoxlu sayda yanlış məlumat yayılır. BBC jurnalistlərlə bağlı hadisələr və onların fəaliyyəti haqqında materiallar dərc edib. Bu göstərir ki, sosial şəbəkələrdə və mediada bir çox problemlər mövcuddur - saxta məlumatlar dərhal yayılır", - o qeyd edib.

Onun sözlərinə görə, bu cür hallar daha ciddi tədbirlərin görülməsi zərurətini nümayiş etdirir: "Necə ola bilər ki, BBC kimi dünya şöhrətli və yüksək standartlara malik KİV Azərbaycan haqqında yalan məlumatlar dərc edir və ya qeyri-dəqiq informasiya yayır? Aydındır ki, media siyasi maraqların təbliği üçün istifadə oluna bilər, auditoriya isə hər gün aldığı nəhəng məlumat axınının doğruluğunu yoxlamaq imkanına hər zaman malik olmur".

"Media öz məsuliyyətini dərk etməli, jurnalistlər isə təqdim etdikləri məlumatların təkcə bir ölkənin deyil, bir neçə dövlətin milli maraqlarına toxunduğunu anlamalıdırlar. Bu nəzərə alınmadıqca dezinformasiya problemi ciddi milli çağırışa çevrilir. Bu gün risk səviyyəsi ölkə üçün təhlükə ilə müqayisə oluna biləcək miqyasa çatıb", - o vurğulayıb.

İ.Şaişmelaşvili əlavə edib ki, dezinformasiya problemi həm Gürcüstan, həm də Azərbaycan üçün son dərəcə vacibdir, çünki hər gün güclənən informasiya kampaniyaları insanlara və onların həyat tərzinə təsir göstərir.

Aparıcı qeyd edib ki, dezinformasiya radikallaşmaya səbəb olur və ölkədəki sabitliyə mənfi təsir göstərir, həm cəmiyyət, həm də dövlət üçün problemlər yaradır. İ.Şaişmelaşvili, həmçinin dezinformasiya ilə mübarizədə vahid dövlət yanaşmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, media da jurnalist şərhi ilə milli maraqlara dair məsələlər arasındakı sərhədləri aydın şəkildə fərqləndirməlidir: "Cəmiyyəti və auditoriyanı qorumaq üçün birgə platforma yaratmaq, ümumi mexanizmlər və s. hazırlamaq lazımdır".

Digər xəbərlər