Azərbaycan mediasının inkişaf strategiyası və yeni prioritetləri müzakirə edilib.
"Report" xəbər verir ki, Bakıda təşkil olunan Qafqaz Media Forumunda "Azərbaycan Milli Mətbuatının İnkişaf Strategiyası və Yeni Dövrün Prioritetləri" mövzusunda panel müzakirə keçirilib.
Paneldə çıxış edən Milli Məclisin deputatı, Hikmət Babaoğlu bildirib ki, yayılan informasiya media orqanlarına olan etimada müəyyən şəkildə təsir göstərə bilər:
"İnformasiya agentliklərinin platformalarında yayılan məlumatı qəbul edən fərd həmin informasiyanı təkrar paylaşa, şərh yazmaqla onun məzmununu manipulyasiya edə, başqa istiqamətə yönəldə və ya informasiya yayıcısına olan etimadı dəyişə bilər. Beləliklə, biz informasiya mühitində müxtəlif məlumatlarla, o cümlədən manipulyasiya olunmuş informasiyalarla qarşılaşmalı oluruq. Bu səbəbdən, medianın mənbələri və informasiyanın obyektivliyi məsələsi artıq ikinci plana keçir".
Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, "Media haqqında" qanun hər bir jurnalistin və ümumilikdə cəmiyyətin fəaliyyət prinsiplərini müəyyənləşdirən vacib sənədlərdən biridir:
"Ümumiyyətlə, medianın fəaliyyətini tənzimləyən qanunları dərindən bilmək hər bir jurnalist üçün vacibdir. Çünki jurnalist öz fəaliyyətinin haradan başladığını, hansı informasiyanı yaya biləcəyini, hansı informasiyanın yayılmasının məhdudlaşdırıldığını bilməlidir. Dövlət sirri xarakterli informasiyalarla yanaşı, cəmiyyət və vətəndaşlar üçün əhəmiyyətli olan məlumatların yayılması da xüsusi məsuliyyət tələb edir. Bu baxımdan düşünürəm ki, hər bir media əməkdaşı ilk növbədə etik davranış qaydalarını bilməli, çalışdığı redaksiyanın nüfuzunu və obyektivliyini qorumalı, ədalətə söykənən mövqe ortaya qoymalıdır. Eyni zamanda, qanunların tələblərinin yüksək səviyyədə təmin olunması istiqamətində media əməkdaşının üzərinə kifayət qədər böyük məsuliyyət düşür".
Paneldə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib ki, son dövrlərdə medianın fəaliyyət forması əhəmiyyətli dərəcədə dəyişib:
"İndi xəbər istehsalı, informasiyanın yayılması və kommunikasiya təkcə peşəkar media qurumları üzərindən deyil, həm də sosial şəbəkə platformaları və yeni media alətləri vasitəsilə həyata keçirilir. Burada ciddi fərqlər var. Ümumiyyətlə, tez-tez müzakirə olunur ki, bloqerlik, tiktokerlik və digər fəaliyyət növləri jurnalistika və media anlayışları ilə eynidirmi? Bu məsələdə mühüm fərqlər mövcuddur. Jurnalistikanın mahiyyəti kontekstində bu fərq aydın şəkildə görünür. Jurnalistin işi ictimai maraq doğuran informasiyanı axtarmaq, tapmaq, toplamaq, hazırlamaq və ictimaiyyətə çatdırmaqdır. Sosial şəbəkə istifadəçilərinin isə belə bir öhdəliyi yoxdur".
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının sözlərinə görə, ölkə mətbuatı və onun ənənələri, peşəkar jurnalistikanın qaydalarına uyğun inkişaf edib:
"Yeni platformaların yaranması peşəkar jurnalistikanın prinsiplərini dəyişmir. Əvvəllər ünsiyyət vasitəsi kimi qəzetlərdən, radiodan və ənənəvi televiziyadan istifadə edirdiksə, indi texnologiyaların inkişafı nəticəsində sosial şəbəkələr və internet vasitəsilə auditoriya ilə ünsiyyət qurur, xəbərlər ötürürük. Sadəcə olaraq, yeni platformaların yaratdığı çağırışlara uyğunlaşmaq və yeni texnologiyalar vasitəsilə auditoriya ilə işləməyi öyrənmək lazımdır. Jurnalistikanın peşə qaydaları var və həmin qaydalar hələ dəyişdirilməyib, heç kim də onları dəyişmir".
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında bu gün jurnalistikada fərqli alətlər və texnologiyalardan, həmçinin tamamilə fərqli xəbər istehsalı üsullarından istifadə edildiyini deyib: "Bununla belə, öz mahiyyətimizi qorumağa çalışırıq. Məncə, media transformasiyası məhz budur".
R.Arifoğlunun sözlərinə görə, medianın ən böyük problemlərindən biri reklam bazarının yox olmasıdır: "Bu bazarın böyük hissəsini başqa platformalar, televiziyalar ələ keçirib. Çap mediasında demək olar ki, heç nə qalmayıb. Ümumiyyətlə, çap mediası bu ildən etibarən daha da azalıb. Digər saytların və media platformalarının da reklam gəlirləri çox məhduddur. Bazarımız kiçikdir".
Daha sonra auiditoriyanın sualları cavablandırılıb.