Qazaxıstanın paytaxtı Astanada dekabrın 7-də XVI "ASA Charity Bazar" xeyriyyə yarmarkası keçiriləcək. Yarmarkada Azərbaycanın Qazaxıstandakı səfirliyi də iştirak edəcək.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, tədbir Qazaxıstanın ən böyük xeyriyyə tədbirlərindən biri sayılır və onun təşkilatçısı "ASA Kazakhstan"dır.
Yarmarkada toplanmış vəsaitlər Qazaxıstandakı sosial layihələrə - uşaq evləri, böhran mərkəzləri, sığınacaqlar, tibb və təhsil təşkilatlarına dəstək üçün yönləndiriləcək.
Hər il yarmarkada onlarla diplomatik missiya iştirak edir. Onlar öz ölkələrinin milli pavilyonlarında yeməklər, suvenirlər və s. təqdim edirlər. Qonaqlar üçün xeyriyyə lotereyaları və kiçik konsert proqramı hazırlanıb.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov "Report"a müsahibəsində diplomatik missiyanın bu tədbirdə iştirakından bəhs edib. O, xeyriyyə yarmarkasında iştirakın Azərbaycan səfirliyi üçün mühüm illik ənənəyə çevrildiyini qeyd edib.
"Bizim üçün bu yarmarka sadəcə mədəni tədbir deyil. Bu, köməyə ehtiyacı olan insanlara real dəstək vermək imkanıdır. Biz həmişə xeyriyyəçiliyə və sosial məsuliyyətə yönəlmiş təşəbbüslərə hörmətlə yanaşırıq", - diplomat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın iştirakı iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə də xidmət edir:
"Azərbaycan və Qazaxıstan qardaş dövlətlərdir. İstənilən birgə təşəbbüs, xüsusilə mədəniyyət, insanlara diqqət və xeyirxah işlərin birləşdiyi belə bir tədbir əlaqələrimizi daha da möhkəmləndirir".
Səfir Azərbaycan stendinin yarmarka qonaqları arasında maraq doğuracağını gözləyir:
"Çünki burada Azərbaycan mətbəxi, suvenirləri və s. təqdim ediləcək. Bu isə hər zaman ziyarətçiləri cəlb edir və insanlara Azərbaycanı daha yaxından tanımağa kömək edir".