Ahıska türklərinin taleyi milli irsin yaşadılmasının, mənəvi dəyərlərə və milli kimliyə sədaqətin nümunəsidir.
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova "Ahıska Türkləri – İtmiş Sürgünün İzində" sərgisinin açılış mərasimində deyib.
O bildirib ki, sərgi insan taleyinin, milli yaddaşın, doğma yurda bağlılığın və tarixi ədalətə inamın ifadəsidir:
"Sərgi yalnız tarixi hadisələrə həsr olunmuş ekspozisiya deyil. Ahıska türklərinin tarixi, məruz qaldıqları deportasiya və sürgün faciəsi, onların mədəni irsi və tarixi yaddaşının qorunmasına həsr olunan sərgi insan taleyinin, milli yaddaşın, doğma yurda bağlılığın və tarixi ədalətə inamın ifadəsidir. Sərginin ilk dəfə İstanbul Atatürk Mədəniyyət Mərkəzində təqdim edilməsi, hazırda isə Bakıda Azərbaycan Milli Tarix Muzeyində nümayiş etdirilməsi xüsusi mənəvi əhəmiyyət daşıyır".
Nazir müavini vurğulayıb ki, bu ağrı Azərbaycan xalqına da yaxşı tanışdır:
"Azərbaycan xalqı ötən əsrdə dəfələrlə doğma torpaqlarından zorla köçürülmənin, deportasiyanın, etnik təmizləmənin və yurd həsrətinin ağır sınaqlarını yaşayıb".