“Zıraat Bank Azərbaycan" ASC bu ilin I yarısını 4,129 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,3 % çoxdur.
Yanvar-iyun aylarında “Zıraat Bank Azərbaycan"ın gəlirləri 27,468 milyon manat (illik müqayisədə 32,2 % çox), xərcləri 15,773 milyon manat (46,7 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 7,567 milyon manat (21,9 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 670,356 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 52,1 % çoxdur. Bunun 339,194 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,1 % böyüyüb.
Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 65,2 % artaraq 559,24 milyon manata, o cümlədən depozit portfeli 98,6 % artaraq 452,962 milyon manata, balans kapitalı isə 8,5 % artaraq 111,116 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.