“Zıraat Bank Azərbaycan" ASC bu ilin yanvar-sentyabr aylarını 6,181 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 58,5% çoxdur.
9 ay ərzində “Zıraat Bank Azərbaycan"ın gəlirləri 29,561 milyon manat (illik müqayisədə 43 % çox), xərcləri 16,928 milyon manat (11,8 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 5,464 milyon manat (4,2 dəfə çox), mənfəət vergisi ödəmələri 989 min manat (2,9 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 435,794 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,9 % çoxdur. Bunun 290,294 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 58 % böyüyüb.
Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 26,7 % artaraq 331,525 milyon manata, o cümlədən depozit portfeli 21 % artaraq 217,078 milyon manata, balans kapitalı isə 31,5 % artaraq 104,269 milyon manata, o cümlədən nizamnamə kapitalı 31 % artaraq 65,5 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.