"Yaşıl kart" sığorta sistemindən daha çox hansı ölkələr və necə faydalanıb?

Ötən il Azərbaycanda "Yaşıl Kart" sığorta sistemi çərçivəsində 16 172 müqavilə bağlanılıb və 2 milyon 423 min 737 manat sığorta haqqı toplanıb.

İcbari Sığorta Bürosundan “Report”a verilən məlumata görə, statistika bu sistemin daha çox yük avtomobillərini əhatə etdiyini göstərir: 9 929 müqavilə imzalanaraq 2 milyon 236 min 131 manat sığorta haqqı toplanılıb.

Bu isə o deməkdir ki, 2020-ci illə müqayisədə 1 031 müqavilə və 340 min 283 manat sığorta haqqı artıb.

Həmçinin, 2021-ci ildə "Yaşıl Kart" çərçivəsində 233 sığorta hadisəsi baş verib və 712 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bu da 2020-ci illə müqayisədə 102 hadisənin daha çox olması deməkdir. Sığorta ödənişləri isə əksinə, 296 min 315 manat azalıb.

"Yaşıl Kart" sığorta sistemi çərçivəsində sığorta hadisələrinin çoxu Rusiya və Türkiyədə baş verib.

Rusiyada 140 hadisə baş verib. Müvafiq olaraq 401 min 624 manat ödəniş olunub. 2020-ci illə müqayisədə 76 hadisə, 246 min 970 manat sığorta ödənişi az olub.

Türkiyədə isə ümumilikdə 80 hadisə baş verib, 256 min 232 manat ödəniş olunub. Bu isə 2020-ci illə müqayisədə 16 hadisə və 77 min 216 manat az sığorta ödənişi deməkdir.

Almaniyada isə cəmi 3 hadisə baş verib, müvafiq olaraq 23 min 417 manat sığorta ödənişi edilib. 2020-ci illə müqayisədə 2 hadisə və 19 min 092 manat sığorta ödənişinin çox olması anlamına gəlir.

Ukraynada 2021-ci ildə bu sistem üzrə sığorta hadisələrinin sayı 7-dir. Buna görə 14 min 189 manat sığorta ödənişi edilib. Bu isə o deməkdir ki, 2020-ci illə müqayisədə 5 hadisə və 12 min 049 manat çox olub.

Digər xəbərlər