“Yapı Kredi Bank Azərbaycan" ötən ili zərərlə başa vurub

“Yapı Kredi Bank Azərbaycan” QSC 2021-ci ili 931 min manat xalis zərərlə başa vurub. Halbuki, Bank 2020-ci ildən 1,373 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 36,625 milyon manat (əvvəlki illə müqayisədə 19,6% az), xərcləri 30,677 milyon manat (7% çox), xüsusi ehtiyatlara ayırmaları 6,281 milyon manat (2,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 599 min manat (23,4% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 394,807 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,4% çoxdur. Bunun 136,015 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 26,5% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 17,4% artaraq 312,745 milyon manata, o cümlədən depozit portfeli 15% artaraq 285,148 milyon manata, balans kapitalı isə 0,2% artaraq 82,062 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Digər xəbərlər