“Yapı Kredi Bank Azərbaycan" ötən ili mənfəətlə başa vurub

“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ili 1,153 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2021-ci ildən 931 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 45,127 milyon manat (əvvəlki illə müqayisədə 23,2 % çox), xərcləri 34,952 milyon manat (13,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 7,991 milyon manat (27,2 % çox), mənfəət vergisi ödəmələri isə 1,031 milyon manat (72,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 481,923 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,1 % çoxdur. Bunun 198,729 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 46,1 % böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 27,2 % artaraq 397,853 milyon manata, o cümlədən depozit portfeli 27,6% artaraq 363,857 milyon manata, balans kapitalı isə 2,5 % artaraq 84,075 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Digər xəbərlər