“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I rübünü 2,472 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14,4 % çoxdur.
Yanvar-mart aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 16,135 milyon manat (illik müqayisədə 28 % çox), xərcləri 12,124 milyon manat (30,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 618 min manat (75,6 % çox), mənfəət vergisi ödəmələri isə 921 min manat (15,8 % çox) təşkil edib.
Bu il aprelin 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 544,335 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1 % çoxdur. Bunun 268,856 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 35,3 % böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 11,3 % artaraq 444,177 milyon manata, o cümlədən depozit portfeli 6,8 % artaraq 390,419 milyon manata, balans kapitalı isə 16 % artaraq 100,158 milyon manata çatıb.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.