“Yapı Kredi Bank Azərbaycan" bu ilin 9 ayını zərərlə başa vurub

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin yanvar-sentyabr aylarını 746 min manat xalis zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 1,574 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 26,929 milyon manat (illik müqayisədə 12,4% az), xərcləri 22,124 milyon manat (4,9% çox), xüsusi ehtiyatlara ayırmaları 5,09 milyon manat (31,2% az), mənfəət vergisi ödəmələri isə 462 min manat (31,4% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 355,959 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,4% çoxdur. Bunun 128,308 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,6% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 1,9% artaraq 274,13 milyon manata, o cümlədən depozit portfeli 0,3% artaraq 249,717 milyon manata çatıb, balans kapitalı isə 0,3% azalaraq 81,829 milyon manata düşüb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Digər xəbərlər