“Xalq Bank” ASC bu ilin I yarısını 11,828 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.
Yanvar-iyun aylarında “Xalq Bank”ın əməliyyat gəlirləri 60,573 milyon manat (illik müqayisədə 14,6 % çox), əməliyyat xərcləri 39,912 milyon manat (11,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 6,282 milyon manat (23,3 % az), gözlənilməz xərcləri 297 min manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 2,255 milyon manat (23,4 % az) təşkil edib.
Bu il iyulun 1-nə “Xalq Bank”ın aktivləri 2 532,37 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14 % çoxdur. Bunun 1 429,775 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,1 % böyüyüb.
Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 16,3 % artaraq 2 076,111 milyon manata, o cümlədən depozit portfeli 18 % artaraq 1 705,609 milyon manata, balans kapitalı isə 4,5 % artaraq 456,258 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.