"Unicapital İnvestisiya Şirkəti" ASC 2022-ci ili 407 min manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,2 dəfə və 54,6 % azdır.
Ötən il "Unicapital"ın vergiyəqədərki mənfəəti 510 min manat (əvvəlki illə müqayisədə 54,4 % az), mənfəət vergisi ödəmələri isə 103 min manat (53,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Unicapital"ın aktivləri 18,389 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 78,6 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2 dəfə artaraq 16,902 milyon manata çatıb, balans kapitalı isə 20,9 % azalaraq 1,487 milyon manata düşüb.
Xatırladaq ki, "Unicapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin təsisçisi 100% "Unibank" ASC-dir.