“Unibank” ASC 2022-ci ili 557 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2021-ci ildən 4,688 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Unibank”ın gəlirləri 232,636 milyon manat (əvvəlki illə müqayisədə 44,4 % çox), xərcləri 205,886 milyon manat (47,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 25,802 milyon manat (52,5 % çox), mənfəət vergisi ödəmələri isə 392 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Unibank”ın aktivləri 1 440,644 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38,7 % çoxdur. Bunun 835,077 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 27,1 % böyüyüb.
Hesabat dövründə “Unibank”ın öhdəlikləri 42 % artaraq 1 327,248 milyon manata, o cümlədən depozit portfeli 40,7 % artaraq 989,744 milyon manata, balans kapitalı isə 9,2 % artaraq 113,395 milyon manata, o cümlədən nizamnamə kapitalı 14,3 % artaraq 149,386 milyon manata çatıb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 87 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.