"Unibank" bu ilin I rübünü zərərlə başa vurub

“Unibank” ASC bu ilin I rübünü 4,143 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 591 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-mart aylarında “Unibank”ın gəlirləri 47,929 milyon manat (illik müqayisədə 45,6 % çox), xərcləri 43,806 milyon manat (52,1% çox), xüsusi ehtiyatlara ayırmaları isə 8,267 milyon manat (2,35 dəfə çox) təşkil edib.

Bu il aprelin 1-nə “Unibank”ın aktivləri 1 074,66 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,1 % çoxdur. Bunun 695,533 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,9 % böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 31,4 % artaraq 974,3 milyon manata, o cümlədən depozit portfeli 27,5% artaraq 714,958 milyon manata, balans kapitalı isə 2,7 % artaraq 100,361 milyon manata, o cümlədən nizamnamə kapitalı 4% artaraq 130,686 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Digər xəbərlər