"Unibank" 9 ayı zərərlə başa vurub

“Unibank” ASC bu ilin yanvar-sentyabr aylarını 577 min manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 4,01 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Unibank”ın gəlirləri 162,841 milyon manat (illik müqayisədə 40,4 % çox), xərcləri 144,853 milyon manat (47,6 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 18,565 milyon manat (34,2% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Unibank”ın aktivləri 1 318,828 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 37,3 % çoxdur. Bunun 804,843 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,5 % böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 39,4 % artaraq 1 202,706 milyon manata, o cümlədən depozit portfeli 30,3 % artaraq 855,326 milyon manata, balans kapitalı isə 18,7 % artaraq 116,122 milyon manata, o cümlədən nizamnamə kapitalı 13,4 % artaraq 142,586 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 86,7%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,3%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Digər xəbərlər