Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 111 şirkət yaradıblar ki, bu da, 2022-ci iin eyni dövrü ilə müqayisədə 5,9 % azdır.
“Report” bu barədə Türkiyə Odalar və Birjalar Birliyinə (TOBB) istinadən xəbər verir.
Məlumata görə, bu il yaradılan şirkətlərin 18-i (illik müqayisədə 10 % az) səhmdar cəmiyyət, 93-ü isə (5,1 % az) məhdud məsuliyyətli cəmiyyət formasındadır.
Hesabat dövründə yaradılan şirkətlərin ümumi kapitalı 119,15 milyon lirə (4,576 milyon ABŞ dolları) olub ki, bu da, 2022-ci ilin eyni dövrünə nisbətən 96,9 % çoxdur. Bunun 91,9 %-i və ya 109,466 milyon lirəsi (4,204 milyon ABŞ dolları; 2,6 dəfə çox) Azərbaycanın payına düşüb.
Təkcə bu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 19 şirkət (2022-ci ilin eyni dövrü ilə müqayisədə 44,1 % az) yaradıb. Şirkətlərin 5-i səhmdar cəmiyyət (66,7 % çox), 14-ü MMC (il ərzində 2,2 dəfə az) olub.
Ümumi kapitalı 27,12 milyon türk lirəsi (1,042 milyon ABŞ dolları; 96,2 % artıb) olan ortaq şirkətlərin 95,8 %-i və ya 25,968 milyon lirəsi (0,997 milyon ABŞ dolları; 2,5 dəfə çox) dəyərində hissəsi Azərbaycana məxsus olub.