Tahir Mirkişili: “Rəqabət qanunvericiliyi müasir tələblərə uyğun olacaq”

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri ilə görüşüblər.

“Report” bu barədə parlamentə istinadən xəbər verir.

Məlumata görə, komitənin sədri Tahir Mirkişili bildirib ki, rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması tədbirləri, inflyasiya və süni qiymət artımları ilə mübarizə, dövlət satınalmalarındakı vəziyyət kifayət qədər aktualdır, parlamentin həm plenar, həm də komitə iclaslarında, eyni zamanda seçici və vətəndaşlarla görüşlərdə bu məsələlər qaldırılır.

O, rəqabətlə bağlı qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılacağını bildirib, dövlət satınalmaları haqqında qanunvericiliyin təkmilləşdirilməsi, praktika və vərdişlərin dəyişdirilməsi zərurətinə toxunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli isə ötən dövrdə xidmətin antiinhisar və haqsız rəqabət, dövlət satınalmalarına, keyfiyyət infrastrukturuna nəzarət, istehlakçıların hüquqlarının müdafiəsi kimi ümumi fəaliyyət istiqamətləri üzrə gördüyü işlərdən, əldə edilən nəticələrdən danışıb. O, sosial əhəmiyyətli əsas ərzaq məhsullarının dəyər zəncirindəki ticarət əlavələrinin müəyyənləşdirilməsindən, inflyasiya proseslərinin cilovlanması tədbirlərindən, təbii inhisarçılara dövlət nəzarətinin gücləndirilməsi, telekommunikasiya sahəsində, o cümlədən internet xidmətləri ilə bağlı aparılan optimallaşma işlərindən bəhs edib.

Xidmət rəisi rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması üzrə Milli Strateji Proqramdan, Rəqabət Məcəlləsinin hazırlanması, dövlət satınalmaları haqqında, daxili ticarət haqqında qanunvericiliyin təkmilləşdirilməsi, bu sahələr üzrə təklif olunan yeni yanaşmalar barədə məlumat verib.

Digər xəbərlər