Bakı. 20 iyul. REPORT.AZ/ Bu ilin I yarısında İqtisadiyyat nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 690 layihənin maliyyələşdirilməsinə ümumilikdə 63,3 mln. manat güzəştli kredit ayırıb.
"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu layihələr 2 328 yeni iş yerinin yaradılmasını nəzərdə tutur.
Ayrılmış vəsaitin təxminən 60%-i kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı olan və yaradılacaq yeni iş yerlərinin təxminən 71%-ni (1 657 nəfərlik) nəzərdə tutan 664 layihəyə yönəldilib. Fond müxtəlif sənaye məhsullarının istehsalı və emalı ilə bağlı 21 layihəyə isə 21,7 mln. manat vəsait ayırıb. Bu, ümumi maliyyələşmənin 34,4%-i olmaqla 483 yeni iş yerinin açılmasına hesablanıb.
Bundan başqa, SKMF kənd təsərrüfatl məhsullarının emalı ilə bağlı 2 layihəyə (60 yeni iş yeri deməkdir) 0,6 mln. manata yaxın, turizmin inkişafı ilə bağlı 2 layihəyə (128 yeni iş yeri deməkdir) təxminən 2,5 mln. manat məbləğində maliyyə dəstəyi verib. Fondun xidmət (infrastuktur) layihələrinin inkişafı ilə bağlı 1 layihəyə isə 0,6 mln. manat borc verib. Amma bu layihənin icrası nəticəsində yeni iş yeri yaradılmayacaq.
SKMF-in ayırdığı kreditlərin 83,6%-i və yaxud 52,9 mln. manatı böyük həcmli kreditlərin, 5,4%-i və yaxud 3,4 mln. manatı orta həcmli kreditlərin, 11%-i və yaxud isə 6,9 mln. manatı isə kiçik həcmli kreditlərin payına düşüb.