Samirə Musayeva: "MONEYVAL-ın Azərbaycan üzrə qiymətləndirilmə hesabatında tərəqqiyə dair gözləntilər var"

“Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tapşırıqların 85 %-i tam, 5 %-i isə qismən yerinə yetirilib, təxminən 10 %-lik hissənin icrası isə aidiyyəti qurumlarla birgə davam etdirilir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, əldə olunan nəticələr yalnız bir dövlət qurumunun və ya nəzarət orqanının deyil, bütün nəzarət strukturlarının koordinasiyalı, çevik və qarşılıqlı fəaliyyəti sayəsində mümkün olub:

“Əsas məqsədimiz bu sahədə ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsi, davamlı inkişafın təmin olunması və əldə edilmiş nailiyyətlərin ritminin yüksək səviyyədə saxlanılmasıdır”.

S. Musayeva əlavə edib ki, hazırda Azərbaycan qiymətləndirmə prosesindən keçir və bu sahəyə dair tərəqqi hesabatı üzrə müəyyən gözləntilər mövcuddur: "Dövlət Vergi Xidməti olaraq, üzərimizə düşən vəzifə və məsuliyyətlər çərçivəsində həm qanunvericilik, həm inzibatçılıq, həm də faktiki görülən işlər üzrə mütəmadi təhlillər aparılır. İlkin qiymətləndirməyə əsasən, hesabatda yüksəldilməsi gözlənilən göstəricilər üzrə ölkənin mövqeyinin və reytinqinin artacağı proqnozlaşdırılır. Hesabatın yekun nəticələri müsbət dinamikanı daha dəqiq əks etdirəcək”.

Xatırladaq ki, Azərbaycan 2002-ci ildən Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”ndə (MONEYVAL) təmsil olunub. 1997-ci ildə yaradılmış MONEYVAL-ın əsas məqsədi üzv dövlətlərin cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə effektiv sistemlər hazırlamasını təmin etməkdən ibarətdir. Qurum bu istiqamətdə qiymətləndirmə hesabatları hazırlayır. Ötən ilin əvvəlində açıqlanan MONEYVAL-ın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş standartalara əsasən hazırlanan Azərbaycan üzrə 5-ci raund qiymətləndirmə hesabatında Azərbaycan bir sıra nailiyyətlərə imza atdığı və bu da ölkənin müvafiq sahədə həyata keçirdiyi işlərin beynəlxalq səviyyədə də təqdir olunduğu qeyd edilmişdi.

Digər xəbərlər