"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "AzərEnerji" ASC-nin 2025-ci ildə EBITDA göstəricisinin 540-560 milyon manat olacağını proqnozlaşdırır.
"Report"un məlumatına görə, bu qiymətləndirmə agentliyin proqnozunda qeyd olunub.
Ötən il adı çəkilən göstəricinin 475,7 milyon manat səviyyəsində olduğunun xatırladan "S&P, 2026-cı ildə şirkətin EBITDA-sının 580-560 milyon manata çatacağını gözləyir: "Son tarif artımları 2025-2027-ci illərdə "AzərEnerji" ASC-nin EBITDA generasiyasını gücləndirəcək. Azərbaycanın Tarif Şurası 2025-ci il yanvarın 2-dən elektrik enerjisinin topdansatış tarifinin 1 kilovat-saat (kVts) üçün 0,066 manatdan 0,075 manata qaldırılmasını təsdiqləyib. Bu 2021-ci ilin noyabrındakı 16 %-lik artımdan sonra ilk tarif tənzimlənməsi olub".
"AzərEnerji"nin 2025-ci ilin iyununda yeni kombinə edilmiş qaz turbini dövrlü (CCGT) elektrik stansiyasının tikintisini tamamlaması mövcud güc qabiliyyətinə 1 280 meqavat əlavə edəcək və agentliyin fikrincə, şirkətin elektrik enerjisi istehsalının səmərəliliyini artıracaq: "EBITDA marjasının 2024-cü ildəki təxminən 33 %-dən 2026-cı ildə 35 %-ə qədər yaxşılaşacağını proqnozlaşdırırıq, bu da səmərəliliyin artması və tarif düzəlişləri sayəsində baş verəcək".
Agentlik "AzərEnerji"nin kapital xərcləri (capex) 2025-ci ildə artacağını gözləyir: "Şirkət su elektrik stansiyaları da daxil olmaqla bir neçə generasiya aktivini istifadəyə verməyi və bərpa olunan enerji layihələrinə sərmayə qoymağı planlaşdırır. Kapital xərclərinin 2025-ci ildə 650-670 milyon manata çatacağı və 2026-cı ildə 550-570 milyon manata düşəcəyi gözlənilir. Nəticədə, 2025-ci ildə 160-180 milyon manat mənfi sərbəst əməliyyat pul vəsaitlərinin hərəkətini gözləyirik, bu da 2026-cı ildə neytral göstəriciyə qədər yaxşılaşacaq. Dövlət kapital qoyuluşlarının borc xidməti xərclərinin bir hissəsini örtəcəyi və planlaşdırılmış amortizasiyanın borc səviyyəsində kiçik azalmaya səbəb olacağı gözlənilir. Beləliklə, əməliyyatlardan gələn vəsaitlərin (FFO) borca nisbətinin proqnoz müddəti ərzində 30 %-i əhəmiyyətli dərəcədə keçəcəyini proqnozlaşdırırıq".
S&P-də hesab edirlər ki, potensial dövriyyə kapitalının artması və ya kapital xərcləri də daxil olmaqla, əsas kredit riskləri dövlət dəstəyi ilə kompensasiya oluna bilər.