“S&P” Azərbaycanda yaxın 2 il üçün əmlak və bədbəxt hadisələrin sığortası bazarının liderinin adını açıqlayıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta şirkəti “PAŞA Sığorta”nın yaxın iki ildə ölkədə əmlak və bədbəxt hadisələrin sığortası bazarında rəqabət üstünlüklərini qoruyacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə “PAŞA Sığorta”nın uzunmüddətli emitent və maliyyə dayanıqlığı reytinqlərinin sabit proqnozla “BB”dən “BB+”a yüksəlməsi ilə əlaqədar “S&P”nin reytinq qiymətləndirməsində deyilir.

“PAŞA Sığorta” təcrübəsi, brendin tanınması, şaxələndirilmiş biznesi və səmərəli satış kanalları sayəsində bazarın aşkar lideridir. 2024-cü ilin ilk 10 ayı ərzində yerli mühasibat uçotu standartlarına əsasən, 264 milyon manat (təxminən 155 milyon ABŞ dolları) ümumi sığorta haqqı ilə “PAŞA Sığorta” əmlak sığortası və bədbəxt hadisələrin sığortası seqmentində birinci yerdə qərarlaşıb. 2024-cü ildə şirkətin bu bazardakı payı 2023-cü ildəki 49 %-dən 53 % yüksəlib və növbəti iki il ərzində də bu səviyyədə qalacaq”, - məlumatda deyilir.

“S&P” 2024-2026-cı illərdə “PAŞA Sığorta”nın kapital adekvatlığının 99,8 %-dən yuxarı qalacağını gözləyir ki, bu da güclü gəlirlilik ilə dəstəklənir. Şirkətin öz kapitalının rentabelliyinin 30 %-i keçəcəyi, xalis mənfəətin 20-25 %-ə qədərinin isə ehtiyatlar şəklində saxlanacağı güman edilir.

“S&P” 2025-2026-cı illərdə sığorta haqlarının ildə 10-15 % səviyyəsində olmaqla mülayim artımını proqnozlaşdırır ki, bu da kapitallaşmanı dəstəkləyəcək. Yerli mühasibat uçotu standartlarına əsasən, şirkətin ümumi sığorta mükafatları 2023-cü ildəki 34 %-lik artımla müqayisədə 2024-cü ilin ilk 11 ayında cəmi 4 % artıb.

Bundan əlavə, 2024-cü ildə şirkət əlavə maliyyə buferlərinin yaradılmasına kömək edən kapitalın idarə edilməsi üçün “Solvency II” direktivinin prinsiplərini tətbiq etməyə başlayıb.

“Kapitalın mütləq ölçüsü beynəlxalq kontekstdə mülayim olaraq qalır (proqnozlaşdırılan dövrdə 100 milyon ABŞ dollarından aşağı). Bununla belə, şirkət yüksək keyfiyyətli təkrarsığorta xidmətləri vasitəsilə ayrı-ayrı sığortalar üzrə zərərlərə məruz qalmasını azaldır”, - agentlik qeyd edir.

“S&P” hesab edir ki, “PAŞA Sığorta” suveren və kvazi-suveren istiqrazlara diqqət yetirməklə aktiv strukturunu və investisiyanın kredit keyfiyyətini “BB+” səviyyəsində saxlayacaq. Noyabrın 30-na şirkətin investisiyalarının təqribən 67 %-i suveren və kvazi-suveren istiqrazlar, o cümlədən Azərbaycan dövlət istiqrazları (“BB+/Sabit/B”) və “AA” kredit keyfiyyəti ilə beynəlxalq dövlət istiqrazları ilə təmsil olunub.

“S&P” agentliyi “PAŞA Sığorta”nın kapitalını artıracağı və xarici bazarlarda sığorta və investisiya əməliyyatlarını diversifikasiya edəcəyi təqdirdə şirkətin reytinqinin daha da yüksəldilməsi imkanını mümkün sayır.

Digər xəbərlər