"Rabitəbank" ASC bu ilin I yarısını 5,161 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,2 % çoxdur.
Yanvar-iyun aylarında "Rabitəbank"ın gəlirləri 53,926 milyon manat (illik müqayisədə 38,6 % çox), xərcləri 43,628 milyon manat (62 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 5,137 milyon manat (29,6% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "Rabitəbank"ın aktivləri 965,239 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 30,9 % çoxdur. Bunun 520,931 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,4 % böyüyüb.
Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 35,6 % artaraq 860,615 milyon manata, o cümlədən depozit portfeli 40,5 % artaraq 645,147 milyon manata, balans kapitalı isə 2,2 % artaraq 104,624 milyon manata çatıb.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 27 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 10,6 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.