Bakı. 25 oktyabr. REPORT.AZ/ Qazaxıstan Milli Bankı (Mərkəzi Bank) hökumətə kriptovalyuta alqı-satqısını həyata keçirən şirkətlərin fəaliyyətlərinə qadağa qoymaq barədə təklif göndərib.
"Report" "bnews.kz" saytına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Mərkəzi Bankın rəhbəri Daniyar Akişev mərkəzi kommunikasiyalar Xidmətinin press-konfransında verib.
"Bu günə qədər professional qiymətləndirmə baxımından kriptovalyutaların nə olduğunu başa düşmürəm. Bu alətin mərkəzləşdirilmiş orqan qismində normal emitenti yoxdur. Yəqin ki, heç nəyə əsaslanmır və spekulyativ əməliyyatlarla qiyməti formalaşır. Ona görə də gələcəkdə bu alətin təhlükəsizliyini təmin etmək fikrimiz yoxdur. Əgər qiymət daha da bahalaşaraq "köpük" formalaşdırsa, investisiya edənlərin sonu nə olacaq?! Bilirəm ki, onlar hökumətə gəlib deyəcəklər ki, siz niyə bizə vaxtında xəbərdarlıq etmədiniz" ,- deyə Akişev bildirib.