“PAŞA Kapital” investisiya şirkəti mənfəətini 4 dəfə artırıb

Bakı. 29 iyun. REPORT.AZ/ “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 815 min manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 78,7% çoxdur.

2016-cı ildə “PAŞA Kapital”ın cəmi öhdəlikləri 13,9 dəfə artaraq 107 min manata, cəmi kapitalı isə 58% artaraq 708 min manata çatıb.

Hesabat dövründə şirkətin gəlirləri 431 min manat, xərcləri isə 103 min manat təşkil edib. Son nəticədə onun vergiqədərki mənfəəti 327 min manat olub ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur.

2016-cı ildə “PAŞA Kapital” 68 min manat mənfəət vergisi ödəyib və ili 259 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmləri 100% “PAŞA Holdinq” MMC-yə məxsusdur. 

Digər xəbərlər