Ötən il ərzində Azərbaycanda internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2020-ci il illə müqayisədə 63 % artaraq 142 milyard manat olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.
"Müasir dövrdə rəqəmsal bankçılıq ənənəvi bank xidmətlərinin yerini sürətlə almaqdadır. İnsanların ənənəvi bankçılığa olan bağlılığının azalmasının əsas səbəbi rəqəmsal bankçılıq xidmətlərinin vaxt itkisinə yol vermədən, uzun növbələr gözləmədən, rahat və asan formada əldə olunması imkanının mövcudluğudur", - icmalda deyilir.
Sənədə əsasən, Azərbaycanda da müasir dövrün əsas çağırışlarından olan rəqəmsal bankçılığın inkişafı üzrə müsbət trend formalaşıb. Bu il yanvarın 1-nə ölkədə fəaliyyət göstərən 26 bankdan 24-ü internet bankçılıq, 22-si isə mobil bankçılıq xidməti təqdim edir.
Hesabat dövründə rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır. Belə ki, 2021-ci il ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 76 milyon ədəd, həcmi isə 224,5 milyard manat təşkil edib.
Aparılan köçürmələrin say üzrə 80 %-i (60,4 milyon ədəd), həcm üzrə isə 73 %-i (163,1 milyard manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.
Ötən il ərzində mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2020-ci il illə müqayisədə 2,8 dəfə artaraq 3,9 milyard manat olub.