Bu ilin I rübündə Naxçıvan MR-də 570,4 milyon manat dəyərinə ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2 % artaraq 1 231 manat olub.
Naxçıvanda 3 aylıq ÜDM-in tərkibində ilk yeri 31,5 %-lik payla sənaye sahəsi tutub və burada maddi istehsalın payı 53,8 % təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 30 037 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çox ÜDM istehsal olunub. Son1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri neft-qaz sektorunda isə 10,3 % artıb.