“Naxçıvan Bank”ın depozit portfeli 25 % azalıb

“Naxçıvan Bank” ASC bu ilin I rübünü 5,057 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 44,1 % çoxdur.

Yanvar-mart aylarında “Naxçıvan Bank”ın gəlirləri 7,243 milyon manat (illik müqayisədə 27,4 % çox), xərcləri 2,897 milyon manat (42,3 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 711 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Naxçıvan Bank”ın aktivləri 313,87 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2 % azdır. Bunun 167,73 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə kredit portfeli 12 % böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 10,2 % azalaraq 196,854 milyon manata, o cümlədən depozit portfeli 24,9 % azalaraq 112,447 milyon manata düşüb, balans kapitalı isə 15,6 % artaraq 117,016 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,7 % artaraq 94 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları adları açıqlanmayan 3 fiziki şəxsdir.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33