“Naxçıvan Bank” ASC bu ilin I rübünü 5,292 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 5,057 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-mart aylarında “Naxçıvan Bank”ın gəlirləri 3,187 milyon manat (illik müqayisədə 56 % az), xərcləri 2,477 milyon manat (14,5 % az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 4,604 milyon manat (6,5 dəfə çox), gözlənilməz xərcləri 9 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 13 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il aprelin 1-nə “Naxçıvan Bank”ın aktivləri 194,586 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38 % azdır. Bunun 102,306 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə kredit portfeli 39 % kiçilib.
Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 35,2 % azalaraq 127,611 milyon manata, o cümlədən depozit portfeli 57 % azalaraq 48,388 milyon manata, balans kapitalı isə 42,8 % azalaraq 66,975 milyon manata, o cümlədən nizamnamə kapitalı 53,2 % azalaraq 44 milyon manata düşüb.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova, 9,82 %-i isə Binnət Novruzova məxsusdur.