"Muğan Bank" I yarımili zərərlə başa vurub

“Muğan Bank” ASC bu ilin I yarısını 2,337 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 506 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Muğan Bank”ın gəlirləri 34,794 milyon manat (illik müqayisədə 13,5 % az), xərcləri 36,088 milyon manat (12,2 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,044 milyon manat (86,2 % az) təşkil edib.

Bu il iyulun 1-nə “Muğan Bank”ın aktivləri 721,86 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,5 % çoxdur. Bunun 447,769 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,6 % böyüyüb.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 4,7 % azalaraq 576,006 milyon manat, o cümlədən depozit portfeli 9,6 % artaraq 393,826 milyon manat, balans kapitalı isə 56,1 % artaraq 145,854 milyon manat, o cümlədən nizamnamə kapitalı 51,2 % artaraq 162,5 milyon manat olub.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmdarları Samir və Munir Vəliyevlər, Fəridə Mehdiyeva, Vəfa Vəliyeva və Elmir Mehdiyevdir.

Digər xəbərlər