MDB ölkələri tədricən iqtisadiyyatlarını genişləndirir və şaxələndirir.
“Report” bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.
Bildirilir ki Azərbaycan və Qazaxıstan neft-qaz sektorundan asılılığı azaltmaq istiqamətində mühüm addımlar atır: “Son on illikdə bu ölkələrdə qeyri-neft sektorunun payının artması da bunu sübut edir. Xüsusilə nəqliyyat və logistika sahəsində genişlənmə müşahidə olunur ki, bu da Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca yük tranzitinin sürətli artımı ilə bağlıdır”.
Agentliyin analitikləri qeyd edirlər ki, MDB ölkələrinin qlobal dəyər zəncirlərində iştirakı, regiondan keçən beynəlxalq ticarətin artması ilə güclənib. Beynəlxalq Valyuta Fondunun (IMF) araşdırmalarına əsasən, Azərbaycan, Qazaxıstan, Ermənistan və Özbəkistan istehsalatda xarici investisiyaların payını artırıb və Rusiyanın azalan təsiri fonunda qlobal ticarət və istehsalatda yeni mövqelərindən faydalanır.
“Bu ölkələrin hökumətləri iqtisadi diversifikasiyanı sürətləndirmək, rəqabət qabiliyyətini artırmaq üçün genişmiqyaslı milli proqramlar həyata keçiriblər. İslahatlar institusional dəyişikliklər və dövlət xərcləri ilə dəstəklənib. Eyni zamanda, hökumətlər özəl sektoru yeni investisiya imkanları vasitəsilə iqtisadi yükü bölüşməyə təşviq ediblər. Bunun nəticəsində yerli banklar və inkişaf institutları beynəlxalq uzunmüddətli borclanmaya meyillərini artırıblar”, - “Moody’s” hesab edir.
Hesabatda Azərbaycanda maliyyələşdirmə sahəsində artan rəqabətin kiçik bankları beynəlxalq maliyyə institutlarından borclanmaları artırmağa sövq etdiyi də qeyd olunur. Böyük bankların avroistiqraz emissiyasına başlaması ehtimal olunsa da, bu, ümumi ikitərəfli maliyyələşdirmə həcmi ilə müqayisədə məhdud qalacaq.
“MDB ölkələrində topdansatış borclanması üçün hazırkı monetar və iqtisadi mühit əlverişli hesab edilir. Son illərdə region ölkələri müxtəlif iqtisadi və geosiyasi şoklara baxmayaraq inkişaf tempini qoruyub saxlayıb. Xüsusilə Qazaxıstan, Azərbaycan və Özbəkistanda inflyasiya təzyiqlərinin azalması, yerli valyutaların sabitliyinin artması nəticəsində risk mükafatlarının azalması, banklar üçün daha sərfəli borclanma imkanları yaradıb”, - “Moody’s” bəyan edir.