Azərbaycan iqtisadiyyatının gələcək inkişafında sənayeləşmə və yüksək əlavə dəyər yaradan xidmət sahələri əsas rol oynayacaq.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.
Onun sözlərinə görə, hökumətin təşviq etdiyi sənayeləşmə siyasətinə özəl sektor tərəfindən böyük maraq göstərilir: "Uzunmüddətli perspektivdə sənaye istehsalı və yüksək əlavə dəyər yaradan xidmətlər iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən olacaq".
M. Cabbarov əlavə edib ki, 2007-ci ildə qəbul edilmiş xaricdə təhsil üzrə dövlət proqramı Azərbaycanın insan kapitalının inkişafında mühüm rol oynayıb: "Proqram nəticəsində minlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı əldə edib. Bu gün həmin məzunlar dövlət və özəl sektorda, sahibkarlıq fəaliyyətində və siyasətin formalaşdırılmasında ölkənin inkişafına töhfə verirlər".