Maliyyə Monitorinqi Xidmətinin gəlirləri 24 %-dək artıb

Maliyyə Monitorinqi Xidməti ( MMX) 2021-ci ildə 3,047 milyon manat gəlir əldə edib.

“Report” xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 23,8 % çoxdur.

Ötən il MMX-nın xərci və onun dinamikası da elə bu qədər olub. O cümlədən qurumun insan resursları üzrə xərcləri 2,678 milyon manat (illik müqayisədə 21,6 % çox), köhnəlmə və amortizasiya xərcləri 117 min manat (15,8 % çox), inzibati xərclər isə 250 min manat (59,2 % çox), məzənnə fərqindən zərəri 2 min manat (10 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə MMX-nın aktivləri 7,889 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 3,4 % azalaraq 4,662 milyon manata enib, balans kapitalı isə dəyişməyərək 3,227 milyon manat olub.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli Fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli Fərmanı ilə isə qurumun Nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Digər xəbərlər