"Muğan Bank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının daha 25 milyon manat və yaxud 18,2 % artırılaraq 137,5 milyon manatdan 162,5 milyon manata çatdırılmasından sonra baş verib.
Kapital artımı üçün "Muğan Bank"ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 200 manat olan 125 min ədəd yeni səhmin 50 min ədədini mövcud payına uyğun olaraq Munir Vəliyev, 75 min ədədini isə Vəfa Vəliyeva əldə edib.
Bununla da, M.Vəliyevin Bankdakı payı 40 % qalıb, V.Vəliyevanın payı isə 8,33 %-dən 16,27 %-ə çatıb.
Əvəzində Samir Vəliyevin payı 40 %-dən 33,85 %, Fəridə Mehdiyevanın payı 10,89 %-dən 9,22 %-ə, Elmir Mehdiyevin payı isə 0,78 %-dən 0,66 %-ə düşüb.
Beləliklə, kredit təşkilatında Vəliyevlərin payı 88,33 %-dən 90,12 %-ə, Mehdiyevlərin payı isə 11,67 %-dən 9,88 %-ə dəyişib.
Samir və Munir Vəliyevlər keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları, V.Vəliyeva isə qızıdır.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb.