İran Milli Bankının Bakı filialının xalis mənfəəti 2 dəfədən çox artıb

İran Milli Bankının Bakı filialı 2023-cü ili 3,871 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 2,1 dəfə çoxdur.

Ötən il İran bankının gəlirləri 3,396 milyon manat (əvvəlki illə müqayisədə 9 % az), xərcləri 2,282 milyon manat (8,8 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 3,248 milyon manat (3,75 dəfə çox), mənfəət vergisi ödəmələri isə 491 min manat (2,15 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə İran bankının aktivləri 121,764 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 26 % çoxdur. Bunun 4,079 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 2,3 dəfə kiçilib.

Hesabat dövründə İran bankının öhdəlikləri 35,9 % artaraq 80,607 milyon manata, o cümlədən depozit portfeli 4,95 dəfə artaraq 44,027 milyon manata, balans kapitalı isə 10,4 % artaraq 41,157 milyon manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Digər xəbərlər