İran Milli Bankının Bakı filialının depozit portfeli 9 dəfə azalıb

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 2,794 milyon manat mənfəətlə başa vurub.

"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur.

9 ay ərzində İran bankının gəlirləri 2,354 milyon manat (illik müqayisədə 9,9 % az), xərcləri 1,547 milyon manat (1,5 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,987 milyon manat (6,3 dəfə çox) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə İran bankının aktivləri 79,586 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,8 % azdır. Bunun 5,636 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 42,5 % kiçilib.

Hesabat dövründə İran bankının öhdəlikləri 27,4 % azalaraq 39,506 milyon manata, o cümlədən depozit portfeli 88,4% və yaxud 8,6 dəfə azalaraq 1,382 milyon manata düşüb, balans kapitalı isə 9 % artaraq 40,08 milyon manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Digər xəbərlər