Bu il Azərbaycan hökumətinin ümumi gəlirlərinin (qrantlar istisna olmaqla) ümumi daxili məhsula (ÜDM) nisbəti 34,3 % təşkil edəcək.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib. 2020-ci ildə bu göstərici 33,8 % təşkil edib.
Sənədə əsasən, 2022-ci ildə Azərbaycanda bu nisbət bir qədər də artaraq 35,9 % olacaq.
Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin I yarısında Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 milyard 328,9 milyon manat, xərcləri isə 12 milyard 752,4 milyon manat təşkil edib. Son nəticədə büdcədə 2 milyard 576,6 milyon manat qalıq yaranıb. Halbuki, proqnoz 7 milyard 335,3 milyon kəsir olub.
2022-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 26 milyard 967,7 milyon manat, xərclərinin isə 32 milyard 145,9 milyon manat olacağı gözlənilir. İcmal büdcədə 5 milyard 178,8 milyon manat kəsir yaranacaq.