Azərbaycanın cari hesab balansının profisiti bu il 4,1 milyard ABŞ dolları olacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib.
Fondun proqnozuna əsasən, bu göstərici gələn il isə cüzi artaraq 4,2 milyard ABŞ dollara yüksələcək.
Bundan başqa, IMF Azərbaycanın cari hesab balansının profisitinin ümumi daxili məhsula (ÜDM) nisbətini 2021-2022-ci illər üzrə müvafiq olaraq 7,8 % və 7,7 % olacağını proqnozlaşdırır.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 1 milyard 878,4 milyon ABŞ dolları məbləğində qalıq yaranıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.
Yarımillik qalıq xarici ticarət balansındakı 3 milyard 518,9 milyon ABŞ dollarlıq qalıq (illik müqayisədə 53,9 % çox), xidmətlər balansındakı 1 milyard 300,5 milyon ABŞ dollarlıq kəsir (2,1 % az), ilkin gəlirləri balansındakı 558,4 milyon ABŞ dollarlıq kəsir (10,4 % çox) və təkrar gəlirlər balansındakı 218,4 milyon ABŞ dollarlıq qalıq (50,1 % çox) hesabına formalaşıb.
Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in qalığı 40,7 % artaraq 4,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 1,8 % artaraq 2,7 milyard ABŞ dolları olub.