Qafqaz və Mərkəzi Asiya (CCA) regionu ölkələrində öz valyutalarında borclana bilməməsi problemi var və xarici valyutada dövlət borcunun payı son dərəcə yüksək olaraq qalır.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) "Qafqazda və Mərkəzi Asiyada dollarlaşmanın azaldılması" hesabatında bildirilib.
Sənədə əsasən, bu rəqəm Qırğızıstan, Azərbaycan, Gürcüstan və Ermənistan kimi bəzi ölkələrdə 70 %-dən çoxdur. Dövlət borcunun tədricən de-dollarlaşmanın depozitlərin dollarlaşmasının azalması ilə paralel getməsi gözlənilir.
Ölkələr yerli valyutada istiqraz bazarlarını inkişaf etdirdikcə və bu bazarlar zaman keçdikcə dərinləşdikcə, yaxın illərdə dövlət borcunun dollarlaşmasında daha nəzərəçarpacaq azalma gözləmək olar.
Dövlət borclanmasında vaxt keçdikcə artan payına baxmayaraq, milli valyutada istiqraz buraxılışı hazırda dövlət borcunun yalnız kiçik bir hissəsini təşkil edir. Region ölkələri daxili kapital bazarlarını inkişaf etdirmək üçün səylərini gücləndiriblər. Gürcüstan, Qazaxıstan, Ermənistan və Azərbaycan təxminən on il əvvəl uzunmüddətli istiqrazlar buraxmağa başlayıb. Hazırda regionun demək olar ki, bütün ölkələri uzunmüddətli qiymətli kağızlar buraxır. Özbəkistan uzunmüddətli yerli valyutada istiqraz buraxan sonuncu ölkədir.
"İstiqraz bazarları hələ formalaşma mərhələsindədir və kifayət qədər inkişaf etməyib. Beləliklə, bazarlar dollarlaşma səviyyəsinə əhəmiyyətli təsir göstərə biləcək inkişaf mərhələsində görünmür.
Əksər CCA ölkələrində sərmayəçiyə xarici valyutanı faktiki saxlamadan xarici valyuta dəyişkənliyinə qarşı qismən hedcinq etməyə imkan verə biləcək üzən faiz dərəcəsi və ya inflyasiya ilə indeksləşdirilmiş istiqrazlar mövcud deyil", - İMF bildirir.
Fondun analitikləri hesab edir ki, CCA regionunda dollarlaşma çox yüksək səviyyədə olsa da, sürətlə azalmaqdadır: "CCA-da orta depozit və kredit dollarlaşması son 10 ildə 61 % və 81 %- dən azalaraq müvafiq olaraq 39 % və 37 %-ə düşüb. Bölgədəki ölkələr fiskal intizamın qorunması və struktur islahatlarının aparılması səyləri sayəsində makroiqtisadi sabitlik nailiyyətləri əldə ediblər. Regionun bütün ölkələri de-dollarlaşma ilə bağlı konkret tədbirlər görüb. Araşdırmamıza əsasən, bütün ölkələr xarici valyutada olan öhdəlikləri üçün daha yüksək ehtiyat normaları tətbiq edirlər.
Xarici valyuta aktivləri ilə bağlı riskləri daha yaxşı əks etdirmək və qiymətləndirmək üçün regionun bütün ölkələri makroprudensial və inzibati tədbirlər tətbiq edib”.