İyunun 8-i, saat 10:00-da “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 6 ("Hyatt Regency" iş mərkəzi) ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin illik ümumi yığıncağının sədrinin seçilməsi, 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi, 2021-ci ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi, Təftiş Komissiyasına üzvün təyin edilməsi, nizamnaməsinə əlavələrin təsdiq edilməsi, “Holcim Azerbaijan” ASC və Holcim İnternational Finance LTD arasında borc müqaviləsinin müddətinin uzadılması məsələləri daxildir.
Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 milyon 812 min 880 manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur.