"Günaybank"ın aktivləri 26% artıb

Bakı. 10 aprel. REPORT.AZ/ “Günaybank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 124,632 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 26% çoxdur.

“Günaybank”ın aktivlərinin 98,5%-ni və yaxud 122,761 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 18,4% artıb.

Hesabat dövründə “Günaybank”ın vaxtı keçmiş kreditləri isə 98,8% azalaraq 27 min manata, problemli kreditlərin ümumi kredit portfelində payı isə 2,1%-dən demək olar ki, 0%-ə düşüb.

İl ərzində kredit təşkilatının cəmi öhdəlikləri 83,9% artaraq 65,703 mln. manata, o cümlədən depozit portfeli 61,8% artaraq 34,377 mln. manata çatıb. Bunun 66,8%-ni və yaxud 22,951 mln. manatını fiziki şəxslərin müddətli depozitləri təşkil edib. Bu, illik müqayisədə 24,8% çoxdur.

“Günaybank”ın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,6 dəfə artaraq 19,1 mln. manat olub.

Bu dövrdə kredit təşkilatının cəmi kapitalı isə 6,8% azalaraq 58,929 mln. manata düşüb.

Bu ilin ilk rübündə “Günaybank”ın faiz gəlirləri 1,691 mln. manat (2016-cı ilin eyni dövrünə nisbətən 20,2% çox), faiz xərcləri 914 min manat (71,2% çox), qeyri-faiz gəlirləri 1,298 mln. manat (9,8 dəfə çox), qeyri-faiz xərcləri isə 743 min manat (4,3 dəfə çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 1,331 mln. manat olub ki, bu da illik müqayisədə 60% çoxdur.

“Günaybank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 1,718 mln. manat qənaət edib və rübü 3,05 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvələ nisbətən 51,3% çoxdur.

Xatırladaq ki, "Günaybank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64 910 093 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 47,83 manat olan 1 357 100 səhm əsasında formalaşıb. Səhmlərin 50,81%-i Mahmud Nadir oğlu Məmmədova (Bankın Müşahidə Şurasının sədri), 38,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay Mahmud qızı İldırımzadəyə, 2,31%-i Xanım Nadir qızı Məmmədovaya (Bankın Müşahidə Şurasının üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,31%-i Ceyran Əbil qızı Ələsgərovaya, 1,12%-i Samir Qədir oğlu Cəfərova, 1,1%-i Mahir Əli oğlu Xəlilova, yenə də 1,1%-i Əhəd Teyyub oğlu Şirinova (Bankın Müşahidə Şurasının üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Digər xəbərlər