“Günay Sığorta” ASC 2022-ci ili 1,228 milyon manat zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 9,2% çoxdur.
Ötən il “Günay Sığorta”nın gəlirləri 8,694 milyon manat (əvvəlki ilə nisbətən 16,2% az), xərcləri isə 9,921 milyon manat (13,8 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 16,323 milyon manat olub ki, bu da illik müqayisədə 0,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 5,4 % azalaraq 7,078 milyon manata düşüb, balans kapitalı isə 4,2 % artaraq 9,245 milyon manata, o cümlədən nizamnamə kapitalı 23,2 % artaraq 10,1 milyon manata çatıb.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı) və Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.