“Günaybank” bu ilin I yarısını 4 mln. manatdan artıq mənfəətlə başa vurub

Bakı. 24 iyul. REPORT.AZ/ “Günaybank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 144,376 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 56% çoxdur.

“Günaybank”ın aktivlərinin 86,4%-ni və yaxud 124,77 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 13,9% böyüyüb.

Hesabat dövründə “Günaybank”ın vaxtı keçmiş kreditləri isə 4,2 dəfə artaraq 9,23 mln. manat olub. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 2%-dən 7,4%-ə yüksəlib.

İl ərzində “Günaybank”ın cəmi öhdəlikləri 81,2% artaraq 84,129 mln. manata, o cümlədən depozit portfeli 96,25% artaraq 43,224 mln. manata çatıb, Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 5,2% azalaraq 18,1 mln. manata düşüb. Son 1 ildə Bankın cəmi kapitalı isə 30,6% artaraq 60,247 mln. manat olub.

Bu ilin I yarısında “Günaybank”ın faiz gəlirləri 3,376 mln. manat (ötən ilin I yarısına nisbətən 18,5% çox), faiz xərcləri 1,88 mln. manat (74,4% çox), qeyri-faiz gəlirləri 3,353 mln. manat (8,3 dəfə çox), qeyri-faiz xərclər isə 1,699 mln. manat (5 dəfə çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 3,149 mln. manat olub ki, bu da illik müqayisədə 71,9% çoxdur.

Yarım il ərzində “Günaybank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə 1,325 mln. manat qənaət edib və 2017-ci ilin yanvar-iyun aylarını 4,474 mln. manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, Bank ötən ilin I yarısından 13,571 mln. manat xalis zərərlə çıxmışdı.

Xatırladaq ki, "Günaybank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64 910 093 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 47,83 manat olan 1 357 100 səhm əsasında formalaşıb. Səhmlərin 50,81%-i Mahmud Nadir oğlu Məmmədova (Bankın Müşahidə Şurasının sədri), 38,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay Mahmud qızı İldırımzadəyə, 2,31%-i Xanım Nadir qızı Məmmədovaya (Bankın Müşahidə Şurasının üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,31%-i Ceyran Əbil qızı Ələsgərovaya, 1,12%-i Samir Qədir oğlu Cəfərova, 1,1%-i Mahir Əli oğlu Xəlilova, yenə də 1,1%-i Əhəd Teyyub oğlu Şirinova (Bankın Müşahidə Şurasının üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Digər xəbərlər